BAKI, 29 avqust. TELEQRAF

“Estoniya hakimiyyəti təhlükəsizlik şəraiti və Kiyevin müvafiq hazırlığının təmin edilməsi şərti ilə Ukraynaya hərbi personal göndərməyə hazırdır”.

Teleqraf xəbər verir ki, bunu ölkənin müdafiə naziri Hanno Pevkur deyib.

“Estoniya artıq bəyan edib ki, bu məsələyə baxmağa, ardınca Ukraynaya getməyə hazırıq. İlk növbədə, ukraynalılar buna hazır olmalıdırlar”, - o bildirib.

Nazirin sözlərinə görə, bu, həm logistika, həm də təhlükəsizlik baxımından ciddi səylər tələb edən irimiqyaslı əməliyyatdır.

Pevkur vurğulayıb ki, hətta potensial atəşkəs şəraitində belə, beynəlxalq missiyanın Ukraynada yerləşdirilməsi ciddi hazırlıq tələb edir.

“Onlar bizdən bunu istəyəndə biz buna hazır olmalıyıq”, - Estoniyanın müdafiə naziri əlavə edib.