BAKI, 22 aprel. TELEQRAF
Rusiya Ukraynaya qarşı ərazi iddialarını artırır, Kremlin əvvəllər rəsmi olaraq iddia etmədiyi ərazilər də hədəfdədir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Xerson vilayətindəki qondarma qurumun rəhbəri Vladimir Saldo bəyan edib ki, Dnepr çayının sağ sahilinin ələ keçirilməsi Rusiya üçün əsas və mütləq prioritetdir.
“Dnepr çayı ilə bağlı infrastrukturun inkişafına zəmanət vermək üçün Xerson, Zaporojye və Dnepropetrovsk vilayətlərindən keçən hissə tamamilə Rusiyanın nəzarəti altında olmalıdır”, - Saldo qeyd edib.
Rusiya qoşunları hazırda yalnız Dnepr çayının sol sahilində Xerson və Zaporojye vilayətlərində mövqe tuturlar. Bununla belə, ISW xatırladır ki, 2024-cü ilin iyun ayından Putin Ukraynadan Zaporojye və Xerson vilayətlərini tam şəkildə Rusiyaya verməyi tələb edir.
Mənbə Rusiyanın Dnepropetrovsk vilayətindən keçən çay boyunca əlavə ərazi iddialarının olduğunu vurğulayır.
Xatırladaq ki, Rusiya Ukraynanın Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini ilhaq edib. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev heç vaxt bu bölgələri Rusiya əraziləri kimi tanımayacaq.