BAKI, 14 aprel. TELEQRAF

Rusiyanı danışıqlar masasına gətirmək üçün onu sanksiyalarla boğmaq lazımdır.

Teleqraf xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro deyib.

“Ötən həftəsonu Sumı vilayətində törədilən qırğınla Ukraynadakı dəhşətlər pik həddə çatdı. Sumı şəhərində iki dəfə günahsız dinc sakinlər Putinin raketləri ilə hədəfə alınıb. Bu, bir daha sübut edir ki, Putin mülki əhali və müharibə qaydalarına hörmət etmir”, - Barro vurğulayıb.

O xatırladıb ki, Ukrayna bir aydan artıqdır atəşkəs təklifi ilə razılaşıb, Rusiya isə bu istiqamətdə hərəkət etmək niyyətində deyil:

“Ona görə də Putin bunu etməyə məcbur edilməlidir. Avropa İttifaqını Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etməyə çağırıram ki, onun iqtisadiyyatını boğsun və hərbi fəaliyyətini davam etdirməsinə imkan verməsin”.

Barro əlavə edib ki, atəşkəs üçün ciddi səy göstərən ABŞ və Prezidenti Donald Trampın özü də Rusiyanı danışıqlar masasına gətirmək üçün sanksiyalardan istifadə etməyə hazır ola bilər.