
BAKI, 14 aprel. TELEQRAF
Almaniyanın “Leopard 2” tankları Ukraynadakı müharibədə yararsız olduqlarını sübut etdi. Tankların ciddi problemləri var, nəticədə Ukrayna hərbçiləri onların tam potensialından istifadə edə bilmirlər.
Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” Almaniyanın hərbi mənbələrinə istinadla məlumat yayıb.
“Ukrayna hərbçiləri “Leopard 2”nin məhdud istifadəyə malik olduğuna inanırlar”, - məqalədə deyilir.
Qeyd olunur ki, “Leopard 2” dron zərbələrinə qarşı çox həssasdır. Tankların mürəkkəb dizaynı döyüş meydanında onların təmirini də çətinləşdirir. Yəni zədələnmiş “Leopard”lar təmir və texniki xidmət üçün Ukraynanın qərbindəki ixtisaslaşmış təmir qruplarına, hətta Polşaya göndərilməlidir.
“Bir çox hallarda “Leopard 2” ilə bağlı problemlər Ukrayna hərbçilərini onlardan daha çox artilleriya kimi istifadə etməyə məcbur edir”, - Britaniya nəşri yazır.
Həmçinin bildirilir ki, “Leopard”lar Ukrayna döyüş meydanı üçün nəzərdə tutulmayıb: “Bu tanklar yaxşı hava dəstəyi olanda yaxşı işləyir, amma Ukraynada bu, çatışmır”.