BAKI, 10 aprel. TELEQRAF
Rusiya Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Çin vətəndaşlarını cəlb edib. Kiyev azı 150 çinlinin Rusiya tərəfində hərbi əməliyyatlarda iştirakını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Britaniya nəşri Çinin İran və Şimali Koreyadan sonra Rusiya tərəfindən müharibəyə daxil olan başqa bir ölkə olduğunu bildirib.
Mənbə Ukrayna tərəfindən əsir götürülən iki çinli barədə aparılan araşdırma zamanı tapılan sənədlərlə tanış olub. Qeyd edilir ki, əsirlərdən biri 33 yaşındadır, Çinin Henan əyalətindəndir. O, Rusiya ordusunda xidmət etmək üçün bir illik müqavilə imzalayıb.
Digər sənəd onun fevralın 8-də Moskvaya gəldiyini göstərir. Fevralın 17-də vergi kodu və sosial sığorta nömrəsi almaq üçün qeydiyyatdan keçib. Çin vətəndaşının hərbi müqaviləni nə vaxt imzaladığı məlum deyil, amma vizası 16 günlük olub.
Rus ordusunda işə götürülən bəzi çinlilərin sosial şəbəkələrdə Ukraynadan videolar yayımladığı iddia edilir. Onlara ayda təxminən 2500 dollar maaş verildiyi güman olunur.
Özünü Jou Jiqian kimi təqdim edən əsirlərdən biri deyib:
“Ruslar bizi insan kimi görmürlər, kamikadzelər kimi döyüşürük, ölməyimiz və ya yaralanmağımız veclərinə deyil”.
Qərb rəsmiləri nəşrə Ukrayna Prezidenti Volodimir Zelenskinin iddiasının əksinə olaraq, onlara Çinin dövlət sponsorluğu ilə bağlı heç bir dəlil görmədiklərini deyiblər. Rəsmilərdən biri onları hökumətin dəstəyi olmadan öz iradələri ilə Ukrayna uğrunda döyüşən Britaniya vətəndaşları ilə müqayisə edib.
Xatırladaq ki, Zelenski aprelin 8-də rus ordusunun sıralarında döyüşən iki Çin vətəndaşının Donetsk vilayətində əsir götürüldüyünü açıqlayıb. Ukrayna lideri bundan sonra Çini ölkəsinə qarşı müharibəyə girməkdə ittiham edib. Çin Xarici İşlər Nazirliyi Zelenskinin bəyantını əsassız adlandırıb.