
BAKI, 7 aprel. TELEQRAF
NATO Rusiyanın Baltikyanı ölkələrə mümkün müdaxiləsinə hazırlaşır. Bununla əlaqədar Estoniya, Latviya və Litva Rusiya və Belarusla sərhədin gücləndirilməsini nəzərdə tutan “Baltikyanı müdafiə xətti” hazırlayır.
Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” yazır.
Plana sərhəddə 1000 beton bunkerin tikintisi də daxildir, bunlardan 600-nün Estoniyada yerləşdirilməsi planlaşdırılır. Müdafiə xətti səngərlər, tank əleyhinə istehkamlar, silah-sursat və təchizat anbarları ilə gücləndiriləcək.
Nəşr tikintinin yüksək sürətlə getdiyini vurğulayıb. Bununla belə, bunun tamamlanması onilliklər çəkə bilər.
Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsberqis Rusiya təhlükəsi barədə xəbərdarlıq edib:
“Rusiya təhlükəsi ilə üzləşməyə hazırlaşmaq üçün bizə on il lazımdır. Putin bizi bu 10 ili gözləməyə qoymayacaq. Baltikyanı ölkələr üçün ən təhlükəli vaxt Ukraynada atəşkəsdən dərhal sonra gələcək”.
Danimarka kəşfiyyatının hesabatında da bildirilir ki, Ukraynada müharibə dayandırıldıqdan və ya dondurulduqdan sonra Rusiya NATO-ya qarşı müharibəyə başlamaq üçün tez bir zamanda yenidən silahlanacaq.
Analitiklərin fikrincə, altı aydan sonra Rusiya onunla həmsərhəd olan ölkədə lokal müharibə aparmaq imkanı əldə edəcək. Proqnozlara görə, Moskva iki ildən sonra Baltik dənizi regionunda bir neçə ölkəyə qarşı regional, beş ildən sonra isə Avropada genişmiqyaslı müharibəyə hazır olacaq.