
BAKI, 19 fevral. TELEQRAF
Ukraynanın böyük mineral yataqları yoxdur, ABŞ Prezidenti Donald Trampın bu ölkənin mineral ehtiyatlarına marağı əhəmiyyət daşımır.
Teleqraf xəbər verir ki, bunu “Bloomberg”in köşə yazarı Xavyer Blas deyib.
Jurnalist ABŞ Geoloji Xidmətinə istinadla bu qənaətə gəlib. Blas Trampın bu istəyini “axmaqlıq” adlandırıb və onun başqa cür düşünməsinə təəccübləndiyini bildirib.
Onun sözlərinə görə, Vaşinqton müharibə zonasının geologiyası ilə bağlı ilk dəfə deyil ki, səhv edir:
“2010-cu ildə ABŞ Əfqanıstanda 1 trilyon dollar dəyərində istifadə olunmamış faydalı qazıntı yataqları aşkar etdiyini açıqlamışdı. Söhbət elektrik avtomobillərinin akkumulyatorları üçün vacib olan litiumdan gedirdi. Amma bu, təmiz fantaziya idi. Eyni şey Ukraynanın iddia edilən sərvətlərinə də aiddir”.
Blasın fikrincə, Ukraynanın mineral sərvətləri ətrafındakı “həyəcan”ı ukraynalıların özləri yaradıblar:
“Ukraynalılar çarəsizcə Trampı cəlb etmək üçün yol tapmağa çalışırlar. Amma Tramp 500 milyard dollar ekvivalentində minerallar istədiyini bəyan edib. Buna təəccübləndim. Bildiyimə görə, Ukraynada kiçik skandium mədənləri istisna olmaqla, heç bir əhəmiyyətli faydalı qazıntı yatağı yoxdur. Bu məsələ ilə məşğul olan ABŞ Geoloji Xidməti ölkənin belə bir ehtiyatının olduğunu göstərmir. Nə də ki, mədən biznesində ümumi istifadə olunan başqa məlumat bazası yoxdur”.
Jurnalist əlavə edib ki, Ukraynanın nəhəng yataqları olsa belə, bunlar geoiqtisadi baxımdan o qədər də dəyərli olmazdı:
“Ukrayna “sehrli şəkildə” dünya minerallarının 20 faizini hasil edə bilsə belə, bu, ildə təxminən 3 milyard dollar təşkil edəcək, bu da Trampın dediyi 500 milyard dollardan çox uzaqdır”.