![](https://teleqraf.az/storage/2025/02/13/715x378/676.jpg)
BAKI, 13 fevral, TELEQRAF
Jurnalist Şahnaz Bəylərqızı barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb.
Teleqraf xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə Şahnaz Bəylərqızının vəkili Bəxtiyar Hacıyevin verdiyi vəsatət təmin olunmayıb, qərar qüvvədə qalıb.
Qeyd edək ki, fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalistin barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində "Toplum TV işi" üzrə cinayət işi başlanıb.
Şahnaz Bəylərqızı Toplum TV-nin əməkdaşı olub. O, fevralın 5-də həbs edilib.
Xatırladaq ki, 2024-cü il martın 6-da sosial şəbəkələrdə Toplum TV-nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.
Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Ruslan İzzətli və Ələsgər Məmmədli həbs ediliblər.
Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Ruslan İzzətli və Ələsgər Məmmədli barəsində həbs müddəti Xətai Rayon Məhkəməsinin qərarı ilə 6 aprel 2025-ci il tarixinədək uzadılıb.