BAKI, 13 fevral. TELEQRAF

Parlamentin “Ermənistan Respublikasının Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında” qanun layihəsini qəbul etməsi ölkənin dərhal Aİ-yə üzv olacağı anlamına gəlmir.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun açıqlamasını şərh edən Ermənistan parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Arman Yeqoyan deyib.

Onun sözlərinə görə, Ermənistanın dörd qonşusundan iki ölkə bu struktura qoşulmağa namizəddir: Gürcüstan və Türkiyə.

“Ümumilikdə 9 ölkə Aİ-yə mümkün üzvlüyə namizəddir. Parlament tərəfindən “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun layihəsinin qəbulu Aİ üzvlüyünə namizəd statusunun alınması prosesinin başlanması deməkdir və siyasi danışıqların predmetidir”, - Yeqoyan bildirib.

Xatırladaq ki, bundan əvvəl Kremlin sözçüsü Ermənistanın Aİ-yə üzv olmaq qərarına gəldiyini söyləyib.

“Ermənistanda bəzi siyasi qüvvələr var ki, Aİ-yə inteqrasiyanın ölkə və xalqın maraqlarına əlavə faydalar gətirəcəyini düşünürlər. Bu, Ermənistanın suveren hüququdur”, - Peskov vurğulayıb.