GƏNCƏ, 13 fevral. TELEQRAF

Gəncə şəhərində yerləşən Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə müəllim 5-ci sinif şagidini döyüb.

Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, məktəbin 5-ci sinif şagirdi Ə.Hüseynov sinif rəhbəri Cavid adlı müəllim tərəfindən şiddətə məruz qalıb.

Şagirdin babası Ələddin Hüseynov bildirib ki, bu, məktəbdə ilk hadisə deyil. O, daha öncə də nəvəsinin sözügedən müəllim tərəfindən döyüldüyünü iddia edib.

"O, nəvəmlə bərabər digər iki məktəblini də döyüb. Həmin uşaqlar müəllim övladları olduğundan onların valideyinlərini çağırıb şikayət etməmələri istənilib. Səhər saatlarında nəvəm məktəbdə olub. İbtidai sinif müəlliməsinin yanına gediblər. Bu, fasilə vaxtı olub. Sinifə qayıdanda, dərsə 5 dəqiqə gecikiblər. Həmin müəllim bnun üstündə uşaqları vurub. Nəvəm döyülməsi ilə bağlı məktəbin direktorunun yanına gedib və başına gələnləri danışıb. Lakin insident bununla bitməyib. Şagirdin direktora şikayət etdiyini öyrənən Cavid adlı müəllim sonradan uşağın qarşısını kəsərək, tualetə aparıb və orada yenidən döyüb. "Tualetdə niyə direktora demisən", - deyə uşağı bir daha şiddət göstərib. Başını bir neçə dəfə divara çırpıb. Uşaq əli üstə yerə yıxılıb və əli əzilib. Hazırda onun əli sarğıdadır. Sabahı biz gəldik, müəllimi məktəbə gözlədik. Soruşduq niyə vurmusan? Kollektivin qarşısında mənə deyir ki, vurmuşam yaxşı eləmişəm. Atası axşam uşağı həkimə apardı, sarğı elətdirdi. Polisə də məlumat vermişik. İzahat da vermişik. Sabahadək uşaq başının ağrısından dura bilmir. Hadisədən sonra da məktəbə getmir", - deyə məktəblinin babası söyləyib.

***

34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası ilə bağlı vətəndaş müraciəti edilib. Müraciət əsasında həm Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, həm də hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Əlavə olaraq qeyd olunub ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və məktəb daxilində nizam-intizam qaydalarına əməl edilməsi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür.

Şəbnəm Zahir