![](https://teleqraf.az/storage/2025/02/13/715x378/rr.jpg)
“Böyük Dəbilqə” turnirinin yenidən burada, gözəl Bakı şəhərimizdə keçiriləcəyini elan etmək mənim üçün böyük şərəfdir".
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev fevralın 14-də start götürəcək yarışın rəsmi səhifəsinə açıqlamasında deyib.
R.Nəbiyevin sözlərinə görə, bu ilin Azərbaycan üçün xüsusi əhəmiyyəti var: Paris-2024 Yay Olimpiya Oyunlarında Hidayət Heydərov və Zelim Kotsoyevin qazandıqları qızıl medallar xalqımıza böyük qürur hissi yaşatdı. Bu nailiyyətlər onu təsdiqləyir ki, Azərbaycan cüdo dünyasının qabaqcıl dövlətlərindən birinə çevrilmək yolundadır. Bu uğurların əsasında Prezident İlham Əliyevin idmanın inkişafına verdiyi daimi dəstək dayanır".
Federasiya rəhbəri son bir neçə ildə Azərbaycanın cüdo tarixində əsl dönüşün baş verdiyini vurğulayıb: "Tarixi mərhələlərə çatdıq və yeni standartlar müəyyənləşdirdik. Ölkənin hər yerində yüksək keyfiyyətli təlim-məşq bazaları yaradılıb ki, bu da Azərbaycanın hər bir cüdoçusuna, hətta ucqar rayonlarda belə, öz bacarıqlarını artırmaq imkanı verir. Məqsədimiz təkcə tatamidə çempionlar yetişdirmək deyil, həm də sağlam və güclü gənclərin inkişafına kömək etməkdir. Bu hadisəni qeyd edərkən biz həm də 2026-cı ili böyük həyəcanla gözləyirik. Həmin ildə Bakı dünya çempionatına ev sahibliyi edəcək və ölkəmizin dünya cüdo ictimaiyyətindəki yerini daha da möhkəmləndirəcək”.
Xatırladaq ki, Böyük Dəbilqə fevralın 16-dək davam edəcək.