BAKI, 13 fevral. TELEQRAF

Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu Ankara şəhərinin bələdiyyə sədri Mansur Yavaşın Cümhuriyyət Xalq Partiyasının (CHP) ilkin seçkilərində prezidentliyə namizəd olmayacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, o, Yavaşın ilkin seçkilərə qarşı olduğunu bildirib.

“Mansur bəyin fərqli baxışı var. O bildirir ki, namizədin müəyyən edilməsi üçün hələ tezdir. Buna görə də ilkin seçkilərin çox erkən olduğu qənaəti var. Bu səbəbdən də namizəd olmağı düşünmədiyini bəyan edib”, - İmamoğlu vurğulayıb.

Bələdiyyə sədri qeyd edib ki, CHP-nin məsələ ilə bağlı yol xəritəsi gələn həftə bəlli olacaq.

“Ölkəmizdə ilk dəfə olaraq prezidentliyə namizəd partiya üzvləri tərəfindən müəyyən ediləcək. Mən də gec-erkən müzakirələrinə qatılmıram. Bu şərait, zaman və zamanın ruhundan asılı olaraq dəyişə bilər”, - İmamoğlu əlavə edib.

Xatırladaq ki, martın 23-də partiyanın prezidentliyə namizədinin müəyyən edilməsi üçün CHP üzvləri arasında ilkin səsvermə keçiriləcək.

Növbədənkənar seçkilər keçirilməsə, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə olacaq.