BAKI, 22 sentyabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsinin beynəlxalq sanksiyalardan yayınması üçün Rusiyaya yardım etməsi barədə iddianı təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə o, ABŞ-Qırğızıstan Biznes Şurasının iclasında danışıb.

Dövlət başçısı bildirib ki, bu yaxınlarda “The New York Times” qəzetində Qırğızıstan iqtisadiyyatı haqda bir məqalə oxuyub. Prezidentin sözlərinə görə, məqalədəki bir fikirlə - sanksiyalardan yayınma ilə bağlı iddia ilə razı deyil.

“Orada deyilir ki, Rusiya ilə Ukrayna arasındakı müharibə fonunda Qırğızıstanın iqtisadiyyatı Çindən və ya Avropadan Rusiyaya mal tədarük etməsi hesabına inkişaf edir. Bu, doğru deyil. Qırğızıstan əvvəllər də Rusiyaya mal tədarük edib. Amma hərbi məhsullar yox. Sanksiyalara məruz qalan heç bir mal bizim tərəfimizdən nə sənədlər üzərindən, nə də faktiki olaraq Rusiyaya göndərilib. Biz sanksiyalara əməl edirik, BMT-nin qaydalarına hörmət edirik”, - Japarov vurğulayıb.

Qırğızıstan lideri əlavə edib ki, istənilən ölkədə iqtisadiyyatın inkişafı üçün cəmi üç qayda var: cinayətkarlıq olmamalıdır, korrupsiya olmamalıdır, prezident özü oğurluq etməməli və digər məmurların bunu etməsinə imkan verməməlidir.