BAKI, 24 iyun. TELEQRAF

Joqorku Keneş “Qırğızıstan Respublikasının Nazirlər Kabineti ilə Çin Xalq Respublikası Hökuməti arasında ÇXR tərəfindən Qırğızıstan Respublikasına güzəştli kreditin verilməsi haqqında 9 iyun 2026-cı il tarixində Bişkekdə imzalanmış çərçivə sazişinin təsdiq edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.

Ölkənin nəqliyyat və kommunikasiya nazirinin müavini Almaz Turqunbayevin sözlərinə görə, Qırğızıstan yeni dəmir yolunun tikintisi üzrə birgə layihədə Qırğızıstan tərəfinin payının 50 faizini maliyyələşdirmək üçün 2,074 milyard yuan (təxminən 304,5 milyon dollar) güzəştli kredit cəlb etməyi planlaşdırır.

Qırğızıstanın payı 24,5 faiz və ya təxminən 609 milyon dollardır. Bu məbləğin yarısının dövlət vəsaitləri, digər yarısının isə borc maliyyələşdirməsi hesabına təmin edilməsi planlaşdırılır. Kredit beş illik güzəşt müddəti də daxil olmaqla 25 il müddətinə verilir.

Vəsait ancaq Qırğızıstan səhmdarlarının birgə dəmir yolu şirkətinə kapital qoyuluşunun maliyyələşdirilməsinə və dəmir yolunun tikintisi xərclərinin ödənilməsinə sərf olunacaq.

Qeyd edək ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Mərkəzi Asiyanın ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Layihənin ümumi dəyəri 4,7 milyard dollar olaraq qiymətləndirilir, bunun təxminən 2,3 milyard dolları Çin tərəfi tərəfindən birgə layihə şirkətinə 35 illik kredit şəklində veriləcək. Qalan vəsait şirkətin təsisçiləri tərəfindən nizamnamə kapitalına daxil ediləcək: Çin 51 faiz, Qırğızıstan və Özbəkistan isə 24,5 faiz paya sahib olacaq.