BAKI, 1 iyun. TELEQRAF

Rusiya iqtisadiyyatı uzun sürən müharibənin və Ukraynanın strateji hədəflərə müntəzəm zərbələrinin təsiri altında tempi itirir. Rusiya Prezidenti Vladimir Putin bu fonda iqtisadi artımı stimullaşdırmaq üçün yeni yollar axtarır.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Təxminən 3 trilyon dollar dəyərində və xammal ixracından asılı olan Rusiya iqtisadiyyatı ötən il kəskin şəkildə yavaşlayaraq, 2024-cü ildəki 4,9%-ə qarşı təxminən 1%-lik artım göstərib. 2026-cı ilin birinci rübündə bu rəqəm 0,2% azalıb.

Qeyd edilib ki, Ukraynanın neft emalı və gübrə zavodlarına, limanlara dron hücumları iqtisadiyyatın böyük hissəsini iflic vəziyyətinə salıb, neft emalının təxminən ¼-nə təsir göstərib və pik tələbat mövsümündə yanacaq çatışmazlığı riskini yaradıb.

İqtisadi artımı bərpa etməyə can atan Vladimir Putin artıq mübafiq qurumlara bunun yollarını tapmağı əmr edib. Rusiyanın biznes elitasına görə, ən yaxşı yol müharibəni dayandırmaqdır. Amma ötən ilin fevral ayında böyük təmtəraqla başlayan sülh danışıqları ABŞ-nin İranla məşğul olması səbəbindən dayandırılıb.

Danışıqlar zamanı müzakirə edilən ABŞ-nin Rusiya iqtisadiyyatına milyardlarla dollarlıq potensial investisiyası, eləcə də Qərb sanksiyalarının bir qədər yumşaldılması da təxirə salınıb və bu da biznes mühitində pessimizmi artırır.

Rusiya elitasının bəzi nüfuzlu üzvləri Putini müharibənin iqtisadi nəticələri barədə xəbərdar etməyə çalışıblar, Kremlin Ağ Evlə əlaqələrini idarə edən Kirill Dmitriyev isə sülh sazişinin potensial iqtisadi faydalarını təbliğ edir.

Adının çəkilməsini istəməyən rusiyalı bankir “Reuters”ə deyib ki, Putin ötən il razılaşma əldə etmək üçün yaxşı fürsəti əldən verib və iqtisadiyyat hazırda qeyri-sabitlik əlamətləri göstərir.

Mərkəzi Bankın keçmiş sədr müavini Oleq Vyuqinin sözlərinə görə, yüksək faiz dərəcəsi, müharibənin maliyyələşdirilməsi üçün vergi artımları və azalmış investisiya ilə artıma nail olmaq çətin olacaq: “Demək olar ki, hökumətin artımı bərpa etmək üçün təklif edəcəyi heç bir şey yoxdur”.

Bildirilib ki, Putinin hakimiyyətinin əksər dövrlərində sabitliyi təmin edən amillər (xarici investisiyalar, enerji gəlirləri və sair) ya artıq mövcud deyil, ya da potensialını tükəndirib.

“Sual budur ki, istehlakçıların xərclərini artırmaq ehtimalı azdırsa, investisiyalar ardıcıl ikinci ildir azalırsa və fiskal siyasət ən yaxşı halda stimullaşdırıcı deyilsə, artıma nə təkan verəcək?”, - iqtisadçı Anton Tabax qeyd edib.

İrandakı müharibə səbəbindən Rusiyanın əsas ixrac məhsulu olan neftin qiymətinin kəskin artması hökumətə müvəqqəti rahatlıq gətirsə də, bunun qısamüddətli olacağı gözlənilir.

Deputat Renat Süleymenovun fikrincə, iqtisadiyyat uzunmüddətli müharibəyə davam gətirməyəcək:

“Hansı inkişafdan, investisiyadan və kapital xərclərindən danışa bilərik? Nə tankların, nə də mərmilərin istehlak dəyəri var, bəli, iqtisadiyyat onları istehsal edir, amma əhali onları istehlak edə bilməz”.

Ekspertlər hesab edirlər ki, müharibədən bezmiş Rusiya (Hindistan və ya Çin kimi) daxili artım hərəkətverici qüvvələrinə etibar edə bilməz və sanksiyaların yumşaldılması kimi əhəmiyyətli bir katalizator meydana çıxana qədər durğunluğa məhkumdur.

“İqtisadiyyatın xarici təkana ehtiyacı var. Bu, dövlət büdcəsindən və ya bank sistemindən gəlməyəcək”, - “Sberbank”ın nümayəndəsi Mixail Matviynikov söyləyib.