BAKI, 14 sentyabr. TELEQRAF
Səmərqənddə Özbəkistan və Qazaxıstan arasında Beynəlxalq Avtomobil Daşımaları üzrə Birgə Komissiyanın iclası keçirilib.
Teleqraf xəbər verir ki, iki ölkə arasında beynəlxalq avtomobil daşımalarının inkişaf etdirilməsi, yük və sərnişindaşımalarının həcminin artırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi və tranzit potensialından səmərəli istifadə məsələləri müzakirə olunub.
Tərəflər beynəlxalq avtomobil daşımaları ilə bağlı prosedurların sadələşdirilməsi və rəqəmsallaşdırılması, inzibati maneələrin azaldılması və elektron sənəd dövriyyəsinə tədricən keçidi təmin edən “fasiləsiz tranzit” mexanizminin tətbiqi üzrə İşçi Qrupunun yaradılması barədə razılığa gəliblər.
Həmçinin 2027-ci ildən başlayaraq avtomobil nəqliyyatında qeyri-müntəzəm beynəlxalq sərnişindaşımaları üçün elektron icazə formaları sisteminin tətbiqi barədə ilkin razılaşma əldə edilib.
Danışıqlarda yol-nəqliyyat infrastrukturunun inkişafına və nəqliyyat nəzarətinin səmərəliliyinin artırılmasına da xüsusi diqqət yetirilib.