BAKI, 15 sentyabr. TELEQRAF
Şimali Koreya lideri Kim Çen In Moskva ilə əməkdaşlığı dərinləşdirəcəyinə söz verərək, Rusiyanın Ukrayna ilə müharibədə qələbəsinə əminliyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə KCNA məlumat yayıb.
Kim Çen In Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyanın yaradılmasının 78-ci ildönümü münasibətilə təbrikinə cavab olaraq yazdığı məktubda Pxenyanın Moskva ilə münasibətləri hərtərəfli şəkildə genişləndirməyə fokuslandığını bildirib.
Bundan əlavə, o, Rusiyanın ölkənin “milli maraqlarını və beynəlxalq ədaləti qorumaq uğrunda hazırkı müqəddəs müharibə”də qələbə qazanacağına əmin olduğunu deyib.
Kim Çen In Putin və Rusiya xalqına “sarsılmaz dəstək” vəd edib.
Şimali Koreya lideri Çin Sədri Si Cinpinə də oşxar məktub göndərib. O, çinli həmkarına da ənənəvi dostluğu inkişaf etdirəcəyinə və ümumi sosialist işi irəli aparacağına söz verib.