BAKI, 16 sentyabr. TELEQRAF

2025-ci ilin yekunlarına görə, Qırğızıstan iqtisadiyyatı 11 faiz böyüyərək bum yaşayır.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

Asiya İnkişaf Bankının məlumatlarına görə, buna əhəmiyyətli dərəcədə Qərbin sanksiyaları fonunda Rusiyaya malların reeksportu kömək edib. Nəşr qeyd edib ki, son dörd ildə Qırğızıstanın iqtisadi artımının 30-40 faizi reeksportla əlaqəlidir. Avtomobillər, elektronika və avadanlıqlar, o cümlədən ikili təyinatlı mallar Qırğızıstan vasitəsilə Rusiyaya daxil olub. Artıma həmçinin qızılın yüksək qiymətləri, maliyyə və kriptovalyuta sektorlarının inkişafı, eləcə də tikintiyə dövlət xərclərinin artırılması kömək edib.

Qeyd olunub ki, ölkədə iqtisadi yüksəliş genişmiqyaslı tikinti ilə müşayiət olunur - burada yollar, hava limanları və digər infrastruktur obyektləri yenilənir.

“İqtisadiyyatın böyüdüyü hiss olunur, bu, bir dalğaya bənzəyir və sən onun üzərində hərəkət etmək istəyirsən”, - qırğız sahibkar Çingiz Alkanov deyib.

Amma Qırğızıstanın tikinti şirkətlərindən birinin rəhbəri Mirlan Akjigitov xəbərdarlıq edib: “Bu, əbədi davam etməyəcək. Hazırda biz dağın zirvəsindəyik”.

Hakimiyyət artımı təkcə reeksportla əlaqələndirmir. Baş nazir Adılbek Kasımaliyev bildirib ki, respublika vergi daxilolmalarını və gömrük rüsumlarını artırıb, əsas kapitala dövlət investisiyaları isə 2021-ci ildən etibarən 16 dəfə artıb: “Hazırda bizim yeganə yolumuz artımdır. Növbəti onillik ərzində fasiləsiz böyüməyi planlaşdırırıq”.

Bununla yanaşı, NYT vurğulayıb ki, Qırğızıstan Qərbin təzyiqi ilə üzləşib. Qərb ölkələri Rusiyaya mal tədarükü ilə əlaqəli yerli şirkətlərə qarşı sanksiyalar tətbiq edir. Nəşr yazıb ki, ötən il Avropa İttifaqından Qırğızıstana ixrac təxminən 2,5 milyard dollara çatıb, bu, 2021-ci il səviyyəsindən səkkiz dəfə çoxdur, amma 2023-cü ildəki 3,1 milyard dollarlıq zirvə göstəricisindən aşağıdır.