BAKI, 16 sentyabr. TELEQRAF

ABŞ və Cənubi Koreya kütləvi qırğın silahları təhlükəsinə cavab vermək bəhanəsi ilə Şimali Koreyaya qarşı nüvə, kimyəvi və bioloji silahlardan mümkün istifadəyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə Şimali Koreya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu, Koreya yarımadasında müharibə baş verəcəyi təqdirdə dövlətimizə qarşı nüvə, kimyəvi və bioloji silahlardan istifadə etməyə yönəlmiş açıq qarşıdurma elanıdır və real müharibəyə hazırlığın sürətləndirilməsidir”, - bəyanatda bildirilib.

Bəyanatın verilməsinə səbəb sentyabrın 10-da ABŞ və Cənubi Koreyanın Kütləvi Qırğın Silahlarına Cavab Komissiyasının iclasının keçirilməsi olub. Pxenyanın iddiasına görə, tərəflər informasiya mübadiləsini inkişaf etdirmək, birgə cavab imkanlarını artırmaq və müvafiq təlimləri intensivləşdirmək barədə razılığa gəliblər.

Şimali Koreya Müdafiə Nazirliyi həmçinin qeyd edib ki, kütləvi qırğın silahlarından istifadəyə cavab ssenariləri ABŞ və Cənubi Koreyanın birgə keçirdiyi “Freedom Shield” təlimləri çərçivəsində məşq edilib. Pxenyan hesab edir ki, bu, regionda belə silahlardan istifadə riskini artırır.

Qurum xəbərdarlıq edib ki, Şimali Koreya bu cür addımlara cavab olaraq, dövlətin nüvə silahlı qüvvələrinə dair siyasət haqqında qanunun müddəalarından istifadə edə bilər.