BAKI, 16 sentyabr. TELEQRAF
Hindistanın Uttar Pradeş ştatında timsah bazardan evə qayıdan 54 yaşlı qadına hücum edərək onu drenaj kanalına sürükləyib.
Teleqraf xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Timsah tərəfindən qismən yeyilmiş Qanqa Devinin cəsədi Kxeri rayonunun Kafara kəndi yaxınlığındakı Budiya drenaj kanalında tapılıb. Bu, yerli sakinin itkin düşməsindən iki gün sonra baş verib. Polis və kəndlilər bütün gecə qadını axtarıblar və səhər saatlarında onun alış-veriş çantasını və tarlanın yaxınlığında bədəninin bir hissəsini tapıblar.
İlkin axtarışlar uğursuz oldu. Cəsəd yalnız sentyabrın 14-də tapılıb və şəxsiyyəti müəyyən edilib.
Yerli sakinlər iddia edirlər ki, Meşə İdarəsinin əməkdaşları axtarışa kömək etməyiblər. Amma Dxaurxara Meşə Təsərrüfatı İdarəsinin rəhbəri Aşok Şrivastav tətildə olduğunu əsas gətiərək, ittihamları rədd edib.
Qadının şəxsiyyəti DNT testi vasitəsilə təsdiqləndikdən sonra ailəsinə 500 000 rupi məbləğində kompensasiya ödəniləcək.
Hindistanda bundan əvvəl də bir kişinin çay sahilində sürüşərək suya yıxıldığı və timsah tərəfindən parçalandığı bildirilmişdi. Hadisədən xəbər tutan yerli sakinlər qurbanın qalıqlarını həmin gün tapmışdılar.