BAKI, 1 may. TELEQRAF
Qırğızıstan Joqorku Keneşində ilk dəfə olaraq bir şəxsin israrlı şəkildə təqib edilməsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.
Teleqraf xəbər verir ki, sənəd ölkənin Cinayət Məcəlləsinə yeni maddənin əlavə olunmasını təklif edir.
Təqib burada internet də daxil olmaqla, şəxsin iradəsinə zidd olaraq sistemli təqib, izləmə və ya əlaqə qurmağa cəhd kimi müəyyən olunur.
Layihəyə əsasən, bu cür hərəkətlərə görə aşağıdakı cəzalar nəzərdə tutulur:
İlkin mərhələdə azadlığın məhdudlaşdırılması və ya cərimə;
Ağırlaşdırıcı hallarda 1 ilədək azadlıqdan məhrumetmə;
Ağır hallarda 5 ilədək azadlıqdan məhrumetmə (uşaqların, hamilə qadınların təqibi və ya vəzifə səlahiyyətlərindən sui-istifadə halları daxil olmaqla).
Layihə müəllifləri qeyd edirlər ki, mövcud qanunvericilikdə sistemli təqibi əhatə edən ayrıca norma yoxdur, halbuki praktikada bu cür hallar tez-tez daha ağır cinayətlərin əvvəlində baş verir.
Qanun layihəsi vətəndaşların şəxsi təhlükəsizliyinin, şəxsi həyatının və psixoloji rifahının qorunmasına, həmçinin qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına yönəlib.