BAKI, 21 noyabr. TELEQRAF

ABŞ-nin müdafiə naziri Pit Heqset Kanada ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” (WP) ABŞ administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Heqset müvafiq göstərişi ötən həftə verib. Vaşinqtonda bu qərarın Kanada hakimiyyəti tərəfindən ciddi təhqir kimi qəbul ediləcəyi gözlənilir.

Nəşr qeyd edir ki, məhdudiyyətlərin iki ölkə arasında hərbi əməkdaşlığa hansı səviyyədə təsir göstərəcəyi hələlik məlum deyil. Bununla belə, qərarın kəşfiyyat məlumatlarının mübadiləsinə, NATO və Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) çərçivəsində əməkdaşlığa şamil edilməyəcəyi bildirilir.

Pentaqonun sözçüsü Şon Parnell bildirib ki, ABŞ hər iki ölkənin və ümumilikdə regionun müdafiəsini gücləndirən, eyni zamanda Kanadanın NATO qarşısındakı öhdəliklərini yerinə yetirməsinə kömək edən əməkdaşlığa üstünlük verir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Kanadanın gələcəkdə ABŞ-yə birləşə biləcəyini dəfələrlə bəyan edib. Kanada hakimiyyəti isə bu ehtimalı qətiyyətlə rədd edib.