BAKI, 18 noyabr. TELEQRAF

ABŞ-nin “Apple” şirkətinin xidmətlərində baş verən genişmiqyaslı nasazlığa daxili sistem yenilənməsi səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi şirkətin rəsmi açıqlamasına istinadən məlumat yayıb.

Şirkət nasazlığın kiberhücumla əlaqəli olmadığını bildirib.

“Daxili yenilənmənin yaratdığı problemlərdən sonra sistemlərimizin əksəriyyətinin fəaliyyəti bərpa edilib. Qalan xidmətlərin də ən qısa zamanda işə salınması üçün çalışırıq”, – açıqlamada qeyd olunub.

Məlumata görə, nasazlıq əməkdaşların giriş sistemlərinə, korporativ təqvimlərə və məsafədən iş üçün istifadə olunan daxili şəbəkəyə təsir göstərib. Nəticədə bir çox əməkdaş saatlarla işləyə bilməyib.

Problem dünya üzrə “Apple” mağazalarında satış, cihazların təmiri və müştəri xidmətlərində də fasilələr yaradıb.

Bundan başqa, “iCloud Mail”, “Apple Pay”, “Apple Support” və bir sıra digər xidmətlərin fəaliyyətində problemlər qeydə alınıb.