BAKI, 21 noyabr. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla müharibənin respublikaçıların Konqresin Senatına nəzarəti itirməsinə dəyib-dəymədiyi barədə suala birbaşa cavab verməyib.
Teleqraf xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat konfransında Vensə aralıq seçkilərdə respublikaçıların məğlubiyyəti ilə bağlı sual ünvanlanıb.
“Bizim məqsədimiz İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Prezident qərarları özü verir və eyni addımı yenidən atacağını bildirib. Mənim vəzifəm isə ABŞ Prezidentini dəstəkləməkdir”, – Vens deyib.
ABŞ Prezidenti Donald Tramp isə Vensin seçkilərdəki məğlubiyyəti İranla müharibə ilə əlaqələndirən açıqlamasından narazı qalması barədə məlumatları təkzib edib.
“Mən narazı olduğumu deməmişəm. Hesab edirəm ki, onun açıqlaması tamamilə məqbul və kifayət qədər dəqiq idi”, – Tramp bildirib.
“The New York Times” daha əvvəl Trampın Vensin İranla müharibəyə münasibətindən getdikcə daha çox narazı qaldığını yazıb.
Qeyd edək ki, Vens aralıq seçkilərdə respublikaçıların məğlubiyyətini İranla müharibənin ABŞ cəmiyyətində ciddi narazılıq doğurması ilə əlaqələndirmişdi.