BAKI, 21 noyabr. TELEQRAF

İsveçrədə hərbi xərclərin artırılmasına, təhsil və səhiyyənin maliyyələşdirilməsinin azaldılmasına qarşı keçirilən etiraz aksiyalarında təxminən 40 min nəfər iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə “Swissinfo” portalı təşkilatçılara istinadən məlumat yayıb.

“Keystone-SDA” agentliyinin məlumatına görə, noyabrın 20-də Sürix, Bern, Bazel, Cenevrə, Lozanna və digər şəhərlər də daxil olmaqla, ölkənin 10-a yaxın şəhərində etiraz aksiyaları keçirilib.

Nümayişçilər Avropanın 800 milyard avroluq “ReArm Europe” yenidən silahlanma təşəbbüsünə qarşı çıxaraq dövlət vəsaitlərinin təhsil, səhiyyə, sosial müdafiə və ətraf mühitin qorunmasına yönəldilməsini tələb ediblər.

Ən izdihamlı aksiyalar Lozanna, Sürix və Berndə baş tutub. Berndə bir neçə min, Sürixdə 3 minə yaxın, Cenevrədə isə təxminən 1000 nəfər küçələrə çıxıb.

Bəzi şəhərlərdə etirazçılarla polis arasında toqquşmalar yaşanıb. Bazeldə nümayişçilər barrikadalar quraraq polisə pirotexniki vasitələr və müxtəlif əşyalar atıblar. Polis su şırnaqları, rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib.

Lozanna və Sürixdə də qarşıdurmalar qeydə alınıb, saxlanılanlar olub. Berndə isə aksiya ciddi insident olmadan başa çatıb.

Etirazlar noyabrın 20-də bir sıra Avropa ölkələrində “Bizim gələcəyimiz üçün mübarizə aparın, onların müharibələri üçün yox” şüarı ilə keçirilən beynəlxalq “Youth Strike” gənclər hərəkatının aksiyaları çərçivəsində təşkil olunub.