BAKI, 20 noyabr. TELEQRAF
“Futbol elə oyundur ki, bəzən inanılmaz hekayələr yazılır. Çalışacağıq ki, çərşənbə günü “Barselona” ilə oyunda biz də o hekayələrdən birini yazaq”.
Teleqraf xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının XII turunda səfərdə “Sumqayıt”ı 5:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Litvalı mütəxəssis əvvəlcə qələbəni şərh edib:
“Oyunun həlledici məqamlarından biri qırmızı vərəqə idi. Amma rəqib 11 nəfərlə oynayanda da yaxşı çıxış edirdik. Çox yaxşı qol epizodlarımız oldu. Rəqibə aqressiv şəkildə pressinq edirdik. Buraxdığımız qolda səhvimiz var idi. Rəqib səhvdən yararlandı. “Sumqayıt” 60 dəqiqə 10 nəfərlə oynadığı üçün nəzarət tamamilə bizim tərəfimizdə idi. Beş qol da bunu göstərir”.
V. Dambrauskas beş gün sonra Bakıda keçiriləcək “Barselona” ilə oyunla bağlı azarkeşlərə müraciət edib:
“Çempionlar Liqasında bu cür matçlardan həzz almaq lazımdır. Çalışırıq ki, hər oyunda qalib gələk. Azarkeşləri oyuna dəvət edirik”.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq “Sabah” – “Barselona” matçı saat 21:45-də başlayacaq.