BAKI, 21 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ağ Ev aparatının rəhbəri Stiven Millerə prezidentliyə namizədliyini irəli sürməyi təklif edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionun iştirakı ilə keçirilən mətbuat konfransında danışıb.

“Bizdə sensasiyalı xəbər var: O, bu iki nəfərdən daha yaxşıdır!” – Tramp Miller haqqında danışarkən bildirib.

Daha sonra ABŞ Prezidenti Millerə üz tutaraq “Prezidentliyə namizəd olmaq istəyirsən?” sualını verib. Miller isə gülümsəyib, lakin cavab verməyib.

Tramp həmçinin Milleri “dünyanın ən qüdrətli adamı” adlandırıb.

Mətbuat konfransında ABŞ-nin maliyyə naziri Skott Bessentlə ticarət naziri Hovard Latnik arasında Çinə yüksək texnologiyalı məhsulların ixracına nəzarətlə bağlı fikir ayrılıqlarına da toxunulub.

Tramp Latnikə etimadını itirmədiyini və onun fəaliyyətindən razı olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək. Vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio Respublikaçılar Partiyasından prezidentliyə potensial namizədlər arasında göstərilirlər.