BAKI, 20 noyabr. TELEQRAF
Kanadanın 285 mindən çox vətəndaşı ABŞ-nin Ottavadakı səfiri Pit Hukstranın “arzuolunmaz şəxs” elan edilməsi və geri çağırılması tələbi ilə federal parlamentin İcmalar Palatasına elektron petisiya imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının saytında məlumat dərc olunub.
Sənədin müəllifləri ABŞ-nin diqqətini Hukstranın Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasını sistematli şəkildə pozmasına diqqət etməyə və Amerikanın Kanadanın daxili işlərinə müdaxiləsi ilə bağlı araşdırma aparmağa çağırırlar. Petisiyada qeyd olunur ki, Hukstra 2025-ci ildə Kanadada keçirilən seçki kampaniyasını “Amerika əleyhinə” adlandırıb, Prezident Donald Trampın Kanadanı “51-ci ştat” kimi ABŞ-yə birləşdirmək təhdidlərinin əhəmiyyətini kiçildib, həmçinin Ottavanı Amerikanın daxili siyasətinə müdaxilə etməkdə ittiham edib.
Yaşıllar Partiyasının deputatı Elizabet Meyin təşəbbüsü ilə başladılan petisiyaya imza toplama prosesi iyulun 21-dən noyabrın 18-dək davam edib. İmzaların sayı sənədin parlamentdə baxılması üçün tələb olunan 500 imza həddini xeyli ötüb. İndi Mey petisiyanı rəsmi şəkildə İcmalar Palatasına təqdim edə biləcək. Bundan sonra Kanada federal hökumətinin cavab hazırlamaq üçün 45 təqvim günü olacaq.
Son bir neçə ay ərzində iki ölkə arasında münasibətlərdə gərginlik artmaqdadır. Sentyabrda Kanada Baş naziri Mark Karni bildirib ki, Ottava bir il ərzində ABŞ-nin mümkün hərbi müdaxiləsinə qarşı hazırlaşıb. Oktyabrda isə ABŞ səfirliyi Kanada rəsmilərini aralıq seçkilərinə müdaxilədə ittiham edib. Kanada bu ittihamı rədd edib.