BAKI, 18 noyabr. TELEQRAF

ABŞ-nin “Kalshi” proqnoz platforması Prezident Donald Trampın çıxışlarında hansı sözləri işlədəcəyinə dair mərclərin qəbulunu dayandıracaq.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, qərar ABŞ Əmtəə Fyuçersləri Ticarəti Komissiyasının (CFTC) noyabrın 13-də mümkün manipulyasiya risklərinə görə bu cür mərc müqavilələrinin dayandırılmasını tələb etməsindən sonra qəbul olunub.

Nəşrin məlumatına görə, daha əvvəl Trampın teleprompter operatoru olmuş Qabriel Peres xidməti məlumatlardan istifadə edərək prezidentin çıxışlarına qoyulan mərclərdən qazanc əldə etməkdə şübhəli bilinib. O, bu il federal tənzimləyici qurumlarla razılaşma əldə edib.

“Kalshi” isə platformada manipulyasiyaların qarşısını alan mexanizmlərin mövcud olduğunu bildirib. Şirkət ictimai şəxslərin açıqlamaları ilə bağlı mərc bazarlarının sayını yarıdan çox azaltdığını da açıqlayıb.