BAKI, 21 noyabr. TELEQRAF

Beynəlxalq Gənclər Tətil Koalisiyası 25-dən çox ölkədə əlaqələndirilmiş etiraz aksiyalarının keçirilməsini elan edib.

Teleqraf xəbər verir ki, etirazçıların əsas tələbləri qiymət artımının qarşısını almaq, hərbiləşdirməni dayandırmaq və büdcə vəsaitlərini təhsilə, səhiyyəyə və əlverişli mənzilə yönəltməkdir.

İtaliyada cümə günü ölkənin ən böyük həmkarlar ittifaqı olan CGIL tərəfindən elan edilən dövlət və özəl sektor işçilərinin ümumölkə üzrə 24 saatlıq tətili başlayıb .

Fəhlə və tələbələrin kütləvi yürüşləri təxminən yüz yaşayış məntəqəsini əhatə edib. Romanın mərkəzində bir neçə böyük yürüş keçirilib.

Madriddə yüzlərlə tələbə və müəllim dövlət məktəbləri üçün maliyyələşdirmənin artırılmasını tələb etmək üçün Təhsil Nazirliyinə yürüş edib. Bundan əlavə, İspaniyada dəmir yolu həmkarlar ittifaqları Toledonun Urda şəhərində baş verən və 69 nəfərin ölümünə səbəb olan faciəli qəzadan sonra dəmir yolu təhlükəsizliyinin yaxşılaşdırılması tələbi ilə çərşənbə axşamı günü 24 saatlıq tətil elan ediblər.

Almaniyada gənclər məcburi hərbi xidmətin bərpasına etiraz olaraq küçə yürüşləri ediblər.

Fransada nümayişlər "sarı jiletlilər" hərəkatının səkkizinci ildönümünə həsr olunub.

Bu arada, Litvada bir neçə gündür təhsil işçilərinin qeyri-müəyyən müddətə tətili davam edir və bu tətildə 220 təhsil müəssisəsindən təxminən dörd min müəllim iştirak edir.