BAKI, 17 noyabr. TELEQRAF

ABŞ İranın Vaşinqtona qarşı mümkün hücumu ilə bağlı məlumatlar fonunda ölkəyə yönəlmiş hansısa təhlükə görmür.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Loren Bis bildirib.

“Bütün mümkün təhdidləri izləyərək ayıq-sayıqlığımızı qoruyuruq. Amma hazırda ölkəmizə qarşı heç bir real təhlükə yoxdur”, - o, “The Jerusalem Post” qəzetinə açıqlamasında deyib.

CNN telekanalı bundan əvvəl ABŞ kəşfiyyatına istinadla bildirib ki, İran Vaşinqtona “çirkli bomba” atılmasını nəzərdə tutan planlar hazırlayıb. Qeyd edilib ki, hücumun hədəfləri arasında ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli nümayəndələri də ola bilər.

İran Xarici İşlər Nazirliyi bu xəbəri şərh edərkən bəyan edib ki, ABŞ və İsrail Tehranın bu kimi əsassız məlumatlar yaymaqla, ölkəyə qarşı yeni təcavüz üçün informasiya zəmini formalaşdırırlar.

Donald Tramp isə öz növbəsində belə bir hücumun baş verəcəyi təqdirdə ABŞ-nin İrana indiyədək görünməmiş gücdə zərbə endirəcəyini açıqlayıb.