BAKI, 20 noyabr. TELEQRAF
Ağ Evin Kibertəhlükəsizlik İdarəsinin rəhbəri Şon Kernkross vəzifəsindən ayrılır.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Kernkross öz istəyi ilə istefa verir və bu qərar ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə fikir ayrılıqlarından qaynaqlanmır.
Məlumata görə, onun hazırda vəzifədən ayrılmasının əsas səbəbi yeni namizədin yanvarın 3-dək Senat tərəfindən təsdiqlənməsinə imkan yaratmaqdır. Həmin tarixdən etibarən Konqresin yuxarı palatasına nəzarət Demokratlar Partiyasına keçəcək.
Qeyd edək ki, son günlər ABŞ-nin bir sıra dövlət qurumlarında və iri şirkətlərində texniki nasazlıqlar qeydə alınıb. Milli Təhlükəsizlik Agentliyinin daxili kompüter şəbəkəsində problem yaranıb, Federal Aviasiya Administrasiyasındakı rabitə nasazlığı isə ölkə üzrə uçuşların dörd saatdan çox dayandırılmasına səbəb olub.
Noyabrın 3-də keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, demokratlar Konqresin hər iki palatasında çoxluq əldə ediblər. Yeni Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq.