BAKI, 20 noyabr. TELEQRAF
Respublika Uşaq Təşkilatını Hökumət Evindəki ofisindən çıxarırlar, səbəbi isə açıqlamırlar. Heç bir sənəd təqdim etmədən, şifahi göstərişlə ofisi boşaltmağımızı tələb edirlər.
Bu sözləri Teleqraf-a açıqlamasında təşkilatın rəhbəri Zəhra Bədəlbəyli deyib.
Onun sözlərinə görə, təşkilatın ofisi 24 ildir Hökumət Evində yerləşir, binadan çıxarılma ilə bağlı isə onlara heç bir rəsmi sənəd təqdim olunmayıb:
"Bizim dörd otağımız var. Artıq iki otaqdan əşyalarımızı çıxarıblar. Digər iki otağı isə bazar ertəsi boşaltmağımızı tələb edirlər".
Zəhra Bədəlbəyli qurumun kommunal borcları yarandığını etiraf edib: "Bizim yalnız kommunal borcumuz var. Çünki xeyriyyə təşkilatıyıq, maliyyə imkanlarımız məhduddur. Əlimizə pul gələndə uşaqlara yönəldirik. Bəzən kommunal xərcləri ödəyə bilirik, bəzən isə yox. Görünür, bunu əsas götürərək ofisi boşaltmağımızı tələb edirlər".
Zəhra Bədəlbəyli Respublika Uşaq Təşkilatının 24 il ərzində Nazirlər Kabinetinin sərəncamı əsasında bu binada fəaliyyət göstərdiyini bildirib:
"İndi isə heç rəsmi sənəd təqdim edilmədən buranı tərk etməyimizi istəyirlər. Hesab edirəm ki, bu, qanuna ziddir”.
Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlanıb.