BAKI, 21 noyabr. TELEQRAF
Fransa Senatı (parlamentin yuxarı palatası) polis və jandarma əməkdaşları tərəfindən odlu silahdan istifadənin qanuniliyi prezumpsiyasını müəyyən edən qanun layihəsini qəbul etdi.
Teleqraf xəbər verir ki, "Agence France-Presse"in məlumatına görə, sənəd 205 lehinə, 110 əleyhinə səslə qəbul edilib.
Mərkəz-sağçı Respublikaçılar Partiyasından olan parlament üzvü Erik Poje tərəfindən irəli sürülən təşəbbüs əvvəllər Milli Assambleya (parlamentin aşağı palatası) tərəfindən təsdiqlənmişdi. Hökumət, mərkəzçi qüvvələrin əhəmiyyətli bir hissəsi və sağçı Milli Yürüş Partiyası tərəfindən dəstəklənib.
Sənədə əsasən, polis və jandarma əməkdaşları silah istifadə edərkən qanun çərçivəsində hərəkət etmiş hesab olunacaqlar.
Fransanın daxili işlər naziri Loran Nunyes parlamentin qərarını alqışlayaraq, bunu polis və jandarmlara etimad səsverməsi adlandırıb. O, qanunun hüquq-mühafizə orqanlarının əməkdaşlarına onların işlərinin reallıqlarını əks etdirən hüquqi çərçivə təmin edəcəyini bildirdi.
Eyni zamanda, solçu partiyaların nümayəndələri təşəbbüsün qəti əleyhinə olublar və bunu "öldürmək üçün icazə" adlandırıblar. Senatdakı sosialistlər qanunun konstitusiyaya zidd elan edilməsi və qüvvəyə minməsinin qarşısının alınması üçün Fransa Konstitusiya Şurasına müraciət etmək niyyətindədirlər.
Sənədin qəbulu Fransada davam edən etirazlar fonunda baş tutub. Etirazlarda nümayişçilər ilə polis arasında dəfələrlə toqquşmalar baş verib. Milli Assambleyanın veb saytında qanun layihəsinə qarşı petisiya 700 mindən çox imza toplayıb. Qanunun ləğvi 21 noyabrda keçirilməsi planlaşdırılan yeni nümayişlərdə iştirakçıların tələblərindən biri olacağı gözlənilir.