BAKI, 5 noyabr. TELEQRAF
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratların lideri Hakim Ceffris spiker vəzifəsinə namizədliyini irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə siyasətçi noyabrın 4-də rəsmi saytında dərc etdiyi bəyanatda bildirib.
Ceffris Demokratlar Partiyasından olan həmkarlarını onun namizədliyini dəstəkləməyə çağırıb.
“Mən sizdən Nümayəndələr Palatasının növbəti spikeri vəzifəsinə namizədliyimi dəstəkləməyinizi xahiş edirəm”, – deyə o vurğulayıb.
Siyasətçi ABŞ Prezidenti Donald Tramp administrasiyasının Konqres üzərində əvvəlki təsir imkanlarının sona çatdığını iddia edib.
“Nümayəndələr Palatasının tamamilə Tramp administrasiyasına tabe olduğu dövr geridə qalıb”, – Ceffris bildirib.
O, yeni Konqresin icra hakimiyyətinin fəaliyyətinə daha ciddi nəzarət edəcəyini vurğulayıb.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-də keçirilən aralıq seçkilərdən sonra demokratların Konqresin hər iki palatasında çoxluq əldə edəcəyi bildirilir.
Yeni tərkibdə Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq.
Ceffris spiker seçilərsə, ABŞ tarixində Nümayəndələr Palatasına rəhbərlik edən ilk afroamerikalı olacaq.