BAKI, 4 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərindən sonra Konqresin hər iki palatasına nəzarətin Demokratlar Partiyasına keçəcəyi təqdirdə, onların təqdim edəcəyi qanun layihələrinə veto qoymaq niyyətində olduğunu bildirib.

Teleqraf xəbər verir ki, “Fox News” telekanalının jurnalisti Demokratlar Partiyasının Nümayəndələr Palatasında və Senatda çoxluq əldə edəcəyinin proqnozlaşdırıldığını qeyd edərək, prezidentdən səlahiyyət müddətinin qalan iki ilində Konqreslə necə işləməyi planlaşdırdığını soruşub.

“Bu, əvvəllər də dəfələrlə baş verib. Prezidentin veto hüququ var. Bu, prezidentin ən güclü səlahiyyətlərindən biridir. Onlar tamamilə absurd qanun layihələri təqdim edəcəklər, mən isə onlara veto qoyacağam”, - Tramp bildirib.

O qeyd edib ki, bir neçə aylıq qarşıdurmadan sonra demokratlar Ağ Ev ilə kompromis axtarmağa məcbur olacaqlar:

“Bir neçə ay veto tətbiq etdikdən sonra zəng edib deyəcəklər: “Bu qanunların qəbul olunmasına necə nail ola bilərik?”. Biz də əməkdaşlıq edəcəyik”.