BAKI, 1 oktyabr. TELEQRAF
“Biz cəmi 40 min əhalisi olan bir ölkəyik. Bu gün meydanda cəmi iki peşəkar futbolçumuz var idi. Azərbaycanın isə 23 peşəkar futbolçudan ibarət heyəti var. Buna görə də oyunun sonunda əldə etdiyimiz nəticəni qeyd etmək istədik”.
Bunu Teleqraf-a açıqlamasında Lixtenşteyn yığmasının kapitanı Nikolas Hasler Azərbaycan millisi ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunu barədə danışarkən deyib.
Kapitan səfərdə qazandıqları 1 xalı komanda üçün böyük uğur kimi dəyərləndirib:
“Bizim üçün çətin oyun oldu. Müdafiədə çox əziyyət çəkməli olduq. Azərbaycanın zəif komanda olduğunu düşünmürəm. Məncə, bunu bu gün gördük. Normalda onların qol vurmaq üçün 10, bəlkə də 15 çox yaxşı şansı var idi. Onlar üçün təəssüf ki, bizim üçün isə xoşbəxtlikdən bu imkanlardan istifadə edə bilmədilər. Bəxtimiz gətirdi və uzun fasilədən sonra Lixtenşteynə 1 xalla qayıda bildik. Buna görə də çox şadıq”.
Hasler oyundan sonra 1 xalın xüsusi qeyd olunmasının səbəbini belə izah edib:
“Bizim üçün hər oyun olduqca çətindir. Normalda matçları uduzuruq və bunu bilirik. Amma hər zaman inanırıq ki, bəzən nəsə etmək mümkündür. Bu gün bizim günümüz idi, Azərbaycan üçün isə təəssüf ki, belə olmadı. Buna görə də belə qeyd edirik. Çoxlu qələbəmiz və ya heç-heçəmiz olmur. Heyətimizdə çoxlu gənc oyunçu var. Bəlkə də onların bəziləri bundan əvvəl heç xal belə qazanmayıblar”.
Futbolçu Bakıda olduqları müddətdə şəhəri gəzdiklərini və buranı bəyəndiklərini də bildirib:
“Azərbaycan haqqında yalnız gözəl sözlər deyə bilərəm. Bakı şəhərində olduq, şəhəri kəşf edə bildik, İçərişəhərdə gəzdik, Formula 1 trasını və dənizi gördük. İnsanlar çox mehribandır. Burada özümüzü çox səmimi qarşılanmış hiss etdik və ümid edirəm ki, yenidən qayıda bilərik”.