BAKI, 1 oktyabr. TELEQRAF
"Bu oyun bir ayıbımız kimi yadda qalacaq".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupu çərçivəsində keçirilən Azərbaycan – Lixtenşteyn oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Hücumçu gözlənilməz heç-heçəyə görə məyusluğunu ifadə edib:
“Oyuna diqtə edən tərəf idik, ardıcıl hücumlar təşkil edirdik. Qapıya nə qədər zərbə endirdiyimizi tam xatırlamıram, amma son nöqtəni qoya bilməməyimizi ustalığa, yoxsa başqa nəyə bağlayacağımı bilmirəm. İstənilən halda, yadda qalan yalnız nəticə olur. İllər keçsə də, bu oyun bizim üçün bir ayıb kimi xatırlanacaq. Ona görə də başda xalqımız olmaqla, hər kəsdən bu nəticəyə görə üzr istəyirik”.
Mahir Emreli matçdan sonra komandadakı mənəvi durumun gərgin olduğunu bildirib:
“Rəqibin heç-heçəyə belə razı qalıb gəldiyini biləndə insan təəssüflənir. İndi sizinlə danışarkən belə, boşa verdiyimiz epizodlar gözümün önündən keçir. Düşünürəm ki, komanda psixoloji olaraq yaxşı vəziyyətdə deyil. Lakin tez bir zamanda toparlanıb növbəti qarşılaşmaya hazırlaşmalıyıq”.
Ətraflı videomüsahibəni təqdim edirik.