BAKI, 2 oktyabr. TELEQRAF

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) ölkələri dizel yanacağı çatışmazlığının qarşısının alınması ilə bağlı fövqəladə danışıqlarda razılığa gələ bilməyib.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbəyə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Avropa ölkələri ABŞ Prezidenti Donald Tramp administrasiyasının təzyiqlərinə boyun əymək niyyətində deyil. Brüsseldə hesab edirlər ki, strateji dizel ehtiyatlarından istifadə ediləcəyi və eyni zamanda Yəməndəki husilər Səudiyyə Ərəbistanından tədarük üçün Qırmızı dənizi faktiki bağlayacağı təqdirdə, Avropa ölkələri ciddi problemlərlə üzləşə bilər.

Bununla belə, qəzetin digər mənbəsi bəzi Avropa ölkələrinin ABŞ ilə danışıqlara hazır olduğunu bildirib. Bu danışıqların oktyabrın 2-də keçirilməsi mümkündür.

Britaniya hökumətindəki mənbə Vaşinqtonun addımlarını “açıq-aşkar danışıqlar taktikası” adlandırıb. Onun sözlərinə görə, Avropa ABŞ-nin tələbləri ilə razılaşsa və Qırmızı dəniz üzərindən tədarük dayansa, kəskin yanacaq çatışmazlığı yarana bilər.

“Bu ehtiyatlar tədarükdə fasilələr zamanı bufer rolunu oynamaq üçün nəzərdə tutulub. Onlar yanacağın qiymətini aşağı salmaq üçün nəzərdə tutulmayıb”, - deyə mənbə bildirib.

Məqalədə qeyd olunur ki, Ukrayna münaqişəsi fonunda Rusiya neft məhsullarının idxalına qadağa qoyulmasından sonra Avropa ABŞ-dən yanacaq tədarükündən daha çox asılı vəziyyətə düşüb. Xüsusilə Böyük Britaniyanın vəziyyəti həssasdır. Ölkənin dizel ehtiyatları cəmi 40 günlük tələbatı qarşılayır, tədarükün dörddə biri isə ABŞ-dən həyata keçirilir.

“Reuters” agentliyinin məlumatına görə, ABŞ Fransa və Almaniyadan – Aİ-də ən böyük dizel ehtiyatlarına malik ölkələrdən – qiymətlərin qlobal bazarda və nəticə etibarilə ABŞ-ın daxili bazarında aşağı salınması məqsədilə strateji ehtiyatlardan azı 120 milyon barrel dizelin bazara çıxarılmasını tələb edib.

Vaşinqton əks halda dizel yanacağının ixracına qadağa tətbiq edəcəyi ilə bağlı xəbərdarlıq edib. Donald Tramp daha əvvəl ölkəsində yanacağın qiymətinin artması fonunda dizel ixracına qadağa qoyulması məsələsinin “ciddi şəkildə nəzərdən keçirildiyini” bildirib.

“Agence France-Presse”in Aİ statistikasının təhlilinə əsaslanan məlumatına görə, oktyabrın 1-də Avropa İttifaqında dizel yanacağının qiyməti yeni mütləq rekorda çatıb. Orta qiymət litrə 2,24 avro təşkil edib.

Böyük Britaniyada isə dizelin qiyməti ilk dəfə psixoloji əhəmiyyət daşıyan 2 funt (2,35 avro) həddini keçib.