BAKI, 2 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanına məxsus hərbi aviasiya Yəmənin paytaxtı Sənada husilərin hərbi bazasına hava zərbələri endirib.
Teleqraf xəbər verir ki, RİA Novostinin Yəmən hakimiyyətindəki mənbəyə istinadən yaydığı məlumata görə, zərbələr prezident kompleksinin ərazisində yerləşən “Ən-Nəhdəyn” hərbi düşərgəsinə endirilib.
“Ər-Riyad” aviasiyası Sənanın cənubunda, prezident kompleksinin ərazisində yerləşən “Ən-Nəhdəyn” hərbi düşərgəsini hədəfə alıb”, - mənbə bildirib.
Qeyd olunur ki, sentyabr ayında Yəmənin “Ənsar Allah” hərəkatı, üzvləri husilər kimi tanınır, mövqelərini gücləndirib. Hərəkatın Qırmızı dəniz sahilində yerləşən strateji Moxa limanına nəzarəti ələ keçirdiyi barədə məlumat yayılıb.
“Ənsar Allah” həmçinin bir həftə davam edən döyüşlər zamanı Qırmızı dəniz sahilindəki əyalətlərdə ümumi sahəsi 5 min kvadratkilometrdən çox olan daha altı rayonu nəzarətə götürdüyünü açıqlayıb.
Rusiyanın xarici işlər nazirinin müavini Georgi Borisçenko isə Moskvanın Yəməndə vəziyyətin diplomatik yollarla nizamlanmasına sadiq olduğunu bildirib.