Avropa ölkələri hələ də enerji qiymətlərini aşağı salmaq üçün ehtiyatlarından qlobal bazara milyonlarla barel neft çıxarmaqla bağlı öhdəliklərini yerinə yetirməyiblər.
Teleqraf xəbər verir ki, bunu ABŞ-ın Maliyyə Naziri Skott Bessent özünün "Facebook" səhifəsində yazıb.
"Prezident Trampın rəhbərliyi altında ABŞ qlobal enerji bazarlarının sabitləşdirilməsinə kömək etmək öhdəliyini yerinə yetirir. Avropalı tərəfdaşlarımız mövcud öhdəliklərini sürətləndirməli və davam edən fasilələri aradan qaldırmaq üçün dərhal əlavə təchizat təmin etməlidirlər. Amerikalı fermerlər, yük maşını sürücüləri və müəssisələr qlobal dizel çatışmazlığının əsas yükünü daşımamalıdırlar. Amerika öz töhfəsini verir. Müttəfiqlərimizin öhdəliklərini konkret hərəkətlərlə dəstəkləyəcəklərinə ümid edirik", - deyə maliyyə naziri yazıb.
Mart ayında Beynəlxalq Enerji Agentliyinin üzv ölkələri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatından sonra bazarı sabitləşdirmək üçün fövqəladə ehtiyatlarından 400 milyon barel neft buraxmaq barədə razılığa gəliblər. ABŞ Energetika Nazirliyi Vaşinqton administrasiyasının 120 gün ərzində strateji ehtiyatdan ümumilikdə 172 milyon barel neft buraxacağını açıqlayıb.