BAKI, 24 sentyabr. TELEQRAF

“Müxtəlif ölkələrin liderlərinin BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışları medianın diqqət mərkəzindədir. ABŞ Prezidenti Donald Tramp çıxışında Rusiya ilə Ukrayna arasında sülh sazişinin əldə olunacağına inandığı fikrini bir daha təkrarlayıb. Halbuki müharibə tam şiddəti ilə davam edir və dayandırılacağına işarə edən heç nə yoxdur”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin bildirib ki, Donald Tramp çıxışında İranın nüvə silahına sahib olmasına imkan verməcəyəkləri fikrini də təkrarlayıb:

“İranla bağlı hazırda əsas mövzu nüvə silahından çox Hörmüz boğazı probleminin həlli ilə bağlıdır. Bu istiqamətdə irəliləyiş yoxdur. Nyu-Yorkda Pakistan və Qətərin vasitəçiliyi ilə ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin İran xarici işlər naziri Abbas Əraqçi ilə görüşündən real nəticə çıxmayıb. Tehranın tələbləri bəllidir: ABŞ dəniz blokadasını ləğv etməli, dondurulmuş aktivləri azad etməli, bütün cəbhələrdə müharibəyə son qoymalıdır.

Tehran “bütün cəbhələr” dedikdə İranın bölgədəki proksi qüvvələrinə təzyiqin dayandırılmasını nəzərdə tutur. ABŞ hazırda İranın İraq, Yəmən və Livandakı proksi qüvvələri ilə münaqişə içərisində deyil, əksinə, Vaşinqtonun husilərlə atəşkəs razılaşması var. Tramp Rusiya-Ukrayna müharibəsində olduğu kimi İranla bağlı məsələnin də uğurla həllinə ümidlidir, ancaq ABŞ Prezidenti bunu deyərkən, əlavəsini də umutmayıb: “İranla razılaşma baş tutmasa, daha sərt addımlar atacağıq”.

Amerika lideri çıxışında hətta “İranı məhv etmək” fikrini də səsləndirib”.

Elxan Şahinoğlu qeyd edib ki, Trampın hədələdiyi digər ölkə Kubadır:

“ABŞ Prezidenti bu ada ölkəsində rejimi dəyişmək ideyasından vaz keçmədiyini bildirib. Trampın xarici və təhlükəsizlik siyasətinin əsasında Rusiya-Ukrayna müharibəsinin dayandırılması və İranın ram edilməsi olmasaydı, Kubada rejimin dəyişdirilməsi ön planda tutulardı. Ancaq Kubaya qarşı sanksiyaların sərtləşməsi ada dövlətində sosial həyatı mürəkkəbləşdirib. Demək, Tramp administrasiyası Kubanı unutmayıb.

Donald Trampın Venesuelanın ram edilməsindən sonra xarici siyasətdə növbəti uğuru Nyu-Yorkda Danimarka və Qrenlandiya ilə yeni təhlükəsizlik razılaşmasının imzalanması oldu. Tramp Qrenlandiyanı ABŞ-yə birləşdirmək istəyini reallaşdıra bilməsə də, imzalanan razılaşma Vaşinqtona bu bölgədə hərbi mövcudluğunu genişləndirmək və iki yeni hərbi baza yaratmaq imkanları verir.

Azərbaycanla Ermənistan arasında sülh quruculuğunun genişlənməsi də Trampın xarici siyasətdə uğurlarındandır və o, bunu BMT Baş Assambleyasında çıxışı zamanı vurğulamağı unutmayıb. Məhz 2025-ci ilin avqustunda Ağ Evdə Donald Trampın iştirakıyla imzalanan razılaşmadan sonra Azərbaycanla Ermənistan arasında sülh quruculuğuna strat verildi və Zəngəzur dəhlizinin reallaşması ehtimalı artdı. Bu prosesi uğurla yekunlaşdırmaq, yəni sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin tikintisinə başlanılması Ermənistan Baş naziri Nikol Paşinyanın atacağı addımlardan asılıdır. Bunları Tramp prezident olduğu dönəmdə bitirməkdə fayda var.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da da BMT Baş Assambleyasının sessiyasındakı çıxışında Azərbaycanla Ermənistan arasında sülh quruculuğunun müsbət istiqamətdə irəlilədiyini söylədi. Ərdoğanın çıxışında əsas mövzularından biri həmişəki kimi Fələstin məsələsi idi. Fələstini dövlət kimi tanımayan ölkələri mövqelərini yenidən nəzərdən keçirməyə çağıran Türkiyə lideri son 12 ayın 60-dan çox münaqişə və müharibə ilə son 30 ilin ən qanlı dövrlərindən birinə çevrildiyini, Qəzza, Ukrayna, Rusiya, Myanma, Darfur, İran və Livandakı qarşıdurmalar nəticəsində 250 min insan həyatını itirdiyini xatırlatdı.

Rəcəb Tayyib Ərdoğan çıxışında BMT-də islahat zərurəti - Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması fikrinə yenidən qayıtdı. O, bunu deyərkən Türkiyənin Təhlükəsizlik Şurasında yer alması hüququna işarə edir. Maraqlıdır ki, BMT baş katibi Antonio Quterreş də, bu qurumun rəhbəri kimi son çıxışında təşkilatda islahatların zərurətini vurğuladı”.

Ekspert əlavə edib ki, başqa dövlətlərin də Təhlükəsizlik Şurasında yer almaq istəyi var:

“Təsadüfi deyil ki, Braziliya, Yaponiya, Hindistan və Almaniyanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasında təcili islahatların aparılmasına ehtiyac olduğunu bəyan ediblər. Bu dörd ölkənin nazirləri BMT Təhlükəsizlik Şurasının hazırda əsas vəzifəsini, yəni bütün dünyada sülhü və təhlükəsizliyi qorumaq vəzifəsini effektiv şəkildə yerinə yetirə bilmədiyini qeyd etdilər”.