BAKI, 11 sentyabr. TELEQRAF

“Sabah”ın “Mançester Yunayted”ə məğlubiyyəti komanda üçün böyük təcrübədir.

Teleqraf xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda “Mançester Yunayted”lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Litvalı mütəxəssis “Old Trafford”da güclü rəqibə qarşı oynamağın xüsusi hiss olduğunu bildirib:

“Bura gələndə qarşımızda böyük sınağın dayandığını anlayırdıq. “Mançester Yunayted” uşaqlıqdan azarkeşlik etdiyim klubdur. Buna görə də “Old Trafford”da onlara qarşı mübarizə aparmaq mənim üçün böyük şərəf idi”.

Dambrauskas 0:4 hesablı məğlubiyyətin komandası üçün ciddi dərs olduğunu vurğulayıb:

“Bu komandaya məğlub olmaq ağrılıdır, amma eyni zamanda bizim üçün böyük təcrübədir. Bu məğlubiyyətdən çox şey öyrənə bilərik. Onlar dünyanın ən böyük klublarından biridir. Bu axşam biz sadəcə məğlub olmadıq, həm də bu oyundan dərs çıxardıq”.