BAKI, 10 sentyabr. TELEQRAF

Amerika Birləşmiş Ştatları İrana qarşı sanksiyalar siyahısına 14 şəxs və beş şirkət əlavə edib.

Teleqraf xəbər verir ki, müvafiq bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.

ABŞ məhdudiyyətləri İraq, BƏƏ, Suriya və Livan vətəndaşlarına şamil edilir. Sanksiyalara məruz qalan şirkətlər İraq, BƏƏ və Livanda qeydiyyatdan keçib.

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi İran əleyhinə sanksiyalar siyahılarına daxil olan qurumlarla maliyyə əməliyyatlarına icazə verən lisenziyaların verilməsi prosedurunda dəyişikliklər elan etdi. Departamentin veb saytında yerləşdirilən sənədə görə, bu cür müraciətlər rədd ediləcək. Bu cür müraciətlərin nəzərdən keçirilməsi qanunla tələb olunarsa və ya müraciət edənin həyatı və ya sağlamlığı üçün təsdiqlənmiş təhlükə olarsa, istisnalar edilə bilər.