BAKI, 11 sentyabr. TELEQRAF

Livan və İsrail nümayəndə heyətləri sentyabrın 15-16-da Romada münaqişənin sülh yolu ilə həllinə dair danışıqların səkkizinci raundunu keçirəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər Livan ordusunun nəzarəti altında ölkənin cənub rayonlarında yeni “pilot zonalar”ın yaradılması məsələsini müzakirə edəcəklər.

Danışıqların əvvəlki raundu avqustun 4-6-da keçirilib. Görüşlər Livanın cənubunda “Hizbullah”ın silahlı təxribatından sonra dayandırılmışdı.

Sentyabrın 4-də İsrail beş nəfəri əsirlikdən azad edib. Bildirilir ki, bu addım tərəflər arasında təmasların bərpasına şərait yaradıb.

Livanın Baş naziri Nəvaf Salam bildirib ki, hökumət İsrail qoşunlarının ölkə ərazisindən tam çıxarılmasına və əhalinin cənub bölgələrinə təhlükəsiz qayıtmasına nail olmaq üçün danışıqları davam etdirəcək.