BAKI, 11 sentyabr. TELEQRAF

“Fənərbağça”nın prezidenti Aziz Yıldırım baş məşqçi İsmayıl Kartalın istefa qərarından sonra açıqlama verib.

Teleqraf xəbər verir ki, İsmayıl Kartal “Fənərbağça”nın baş məşqçisi vəzifəsindən istefa verdiyini açıqlayıb. O, geri qayıtmamaq şərtilə postunu tərk etdiyini bildirib.

Aziz Yıldırım isə Kartalın istefa verəcəyindən klub rəhbərliyinin xəbərsiz olduğunu deyib:

“İstefa edəcəyini bilsəydim, bura gələrdim? Heç birimizin xəbəri yox idi”.

Klub prezidenti baş məşqçiyə dəstəyini ifadə edərək onun vəzifəsində qalacağını bildirib. Yıldırım “Fənərbağça” ictimaiyyətini də Kartala dəstək verməyə çağırıb.

“İsmayıl Kartal bizim övladımızdır. Mən Aziz Yıldırım vəzifədən ayrılana qədər İsmayıl Kartal baş məşqçidir. Mən buradan gedənə qədər o da gedə bilməz”, - klub prezidenti vurğulayıb.

Yıldırım komandanın UEFA Çempionlar Liqasına vəsiqə qazanmasında Kartalın rolunu da xüsusi qeyd edib və klub rəhbərliyinin transfer məsələlərində baş məşqçiyə dəstək verdiyini bildirib.

***

23:53 - 10 sentyabr

İsmayıl Kartal “Roma” ilə oyundan sonra “Fənərbağça”dakı vəzifəsindən istefa verdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra mətbuat konfransında danışan türkiyəli mütəxəssis qərarını açıqlayıb.

Kartal bildirib ki, üç aydır komandada çalışır və bu müddətdə futbolçularla keçirdiyi məşqlərdən, düşərgələrdən razı qalıb.

O, klubun rəhbərliyinə, azarkeşlərə, media nümayəndələrinə, əməkdaşlara və futbolçulara təşəkkür edib.

“Bu axşam etibarilə vəzifəmdən istefa verirəm. Klubumun qarşısını açmaq üçün belə qərar qəbul etdim. Komandamızla birlikdə bu qərara gəldik. Bundan sonra həm “Fənərbağça”ma, həm futbolçularıma, həm də gələcək məşqçilərə kömək etmək üçün vəzifəmdən istefa verdim. Bir daha geri qayıtmamaq şərti ilə hər kəsə yaxşı axşamlar arzulayıram”, – deyə Kartal bildirib.