ABŞ Prezidenti Donald Tramp İranın raket zərbələrinin İordaniyadakı bazada olan ABŞ hərbi təyyarələrinə zərər vermədiyini bildirib.

Teleqraf xəbər verir ki, "NewsNation"a eksklüziv müsahibəsində Tramp İranın son hücumları zamanı hərbi texnikaların zədələnməsi barədə məlumatları təkzib edib.

Jurnalist Robert Şermanin İran raketlərinin hücumundan sonra Amerika döyüş təyyarələrinə zərər dəyməsi barədə sualına Tramp "Xeyr" cavabını verib.

Bundan əvvəl İran İordaniyadakı ABŞ hərbi bazasına 20 ballistik raket atmışdı. İordaniya hakimiyyəti 18 raketi vurduqlarını və ABŞ rəsmiləri bütün ABŞ personalının təhlükəsiz olduğunu bildiriblər.

Hücumdan sonra İordaniyadakı Muvafaq Salt hava bazasında bir neçə Amerika təyyarəsinə ziyan dəydiyi barədə məlumatlar yayılıb.

Prezident həmçinin İranla müharibənin bitmə vaxtı barədə də danışıb. Tramp İranın duruş gətirə biləcəyi barədə qəti cavab verməyib.

"Dözümlü olub-olmayacağını bilmirəm. Amma hər şey seçkilərdən sonra həll olunacaq. Yaxud bəlkə də daha tez. Amma seçkilərdən dərhal sonra hər şey bitəcək", - Tramp deyib.