BAKI, 11 sentyabr. TELEQRAF

Kanada və Ukrayna 100 illik tərəfdaşlıq, həmçinin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa dair bəyannamələr imzalayıblar.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisi məlumat yayıb.

Bildirilib ki, sənədlər sentyabrın 10-da Kanadanın Alberta əyalətinin Kalqari şəhərində Baş nazir Mark Karni və Volodimir Zelenski tərəfindən imzalanıb.

100 illik tərəfdaşlıq haqqında bəyannamə gələcəkdə müvafiq müqavilənin imzalanmasını nəzərdə tutur. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq sənədi isə birgə layihələrin həyata keçirilməsini, eləcə də Ukrayna və Kanada ərazisində müdafiə istehsalının lokallaşdırılmasını ehtiva edir.

Tərəflər, həmçinin enerji sahəsində əməkdaşlığa dair birgə bəyanat imzalayıblar. Sənədin Kanadadan Ukraynaya mayeləşdirilmiş təbii qaz tədarükünə imkan yaradacağı bildirilir.