BAKI, 8 avqust. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) "Qızıl Günbəz" (Golden Dome) raketdən müdafiə sisteminin ilk sınaqlarını 2026-cı ildə başa çatdırmağı, 2027-ci ildən isə uçuş sınaqlarına başlamağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, layihə üzrə podratçı şirkətlər üçün nəzərdə tutulan yoxlamalara yerüstü sınaqlar, raket əleyhinə sistemlərin iki uçuş sınağı, eləcə də 2029-cu ilin sonunadək hədəflərin uğurla məhv edilməsinin nümayişi daxildir.
Agentliyin bildirdiyinə görə, ABŞ hökuməti yerüstü sınaqları 2026-cı ildə uğurla başa vuran raket əleyhinə sistem istehsalçılarına 60 milyon dollar mükafat ödəməyə hazırdır.
Xatırladaq ki, 2026-cı ilin iyununda ABŞ müdafiə naziri Pit Heqset Vaşinqtonun hazırladığı "Qızıl Günbəz" raketdən müdafiə sisteminin sınaqlarının uğurla keçirildiyini açıqlamışdı.
Rusiya isə bu layihənin strateji sabitliyi pozduğunu dəfələrlə bəyan edib. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev proqramı təxribat xarakterli adlandırıb, müdafiə naziri Andrey Belousov isə sistemin həm raketlərin havada məhv edilməsini, həm də Rusiya və Çinin raketlərinə buraxılışdan əvvəl zərbə endirilməsi imkanını nəzərdə tutduğunu bildirib.