BAKI, 7 avqust. TELEQRAF

İsrail və Livan Hizbullahın tərksilah edilməsini izləyə biləcək ölkələrin qısa siyahısı barədə razılığa gəliblər. Son qərarı ABŞ verəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Ölkələr arasındakı münaqişənin həlli ilə bağlı razılaşmada üçüncü tərəfin prosesi izləməsi nəzərdə tutulur.

Nəşr mənbələr siyahıda neçə ölkənin olduğunu və kimlərin daxil olduğunu dəqiqləşdirməyib. Onlardan yalnız biri bildirib ki, İsrail və ABŞ Fransanın prosesdə iştirakını bloklayıb.

Bu məsələ bu həftə Romada keçirilən danışıqların üçüncü raundu zamanı ölkələrin nümayəndələri tərəfindən müzakirə edilib. Özəl təhlükəsizlik şirkətlərinin müşahidədə iştirakı əvvəllər müzakirə olunmuşdu, lakin danışıqlar aparanlar bu ideyadan imtina ediblər.